11 ayın sultanı Ramazan inanclı insanlar üçün özəl bir aydır. Orucun faydaları haqqında artıq sizə məlumat vermişəm, istəyirəm bu yazımda Ramazanda düzgün qidalanma, yəni imsakda (sahurda) və iftarda bizə zərər verməyəcək yeməklər haqqında məlumat verim.
İmsakda qidalanma
İlk növbədə nəzərə almaq lazımdır ki, yay orucu həm müddətcə daha uzundur, həm də havanın isti vaxtına təsadüf edir. Buna görə də, mütləq imsaka durmaq lazımdır. Səhər, yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq, kəpəkli çörək yemək vacibdir, çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec həzm olunur, bu, uzun zaman ac qalmaq üçün faydalıdır. Ağ çörək tez sorulduğundan yeməkdən sonra qanda şəkərin miqdarı çox qalxır və tez də düşür. Suda qaynadılmış yumurtaya üstünlük verilməlidir, onun tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış tikə ət də bu yöndən faydalıdır. 3-4 ədəd xurma yemək də faydalıdır, xurmada həm karbohidrat, həm zülal, həm də az miqdarda yağ var.
Kəpəkli undan hazırlanmış makaron, yerli düyü, duzsuz pendir, qaymaq, xama yemək faydalıdır. Süddə bişmiş yulaf və ya müsli insanı uzun müddət tox saxlayır. Bol su qəbul olunmalı, köpün olmaması üçün razyana və çobanyastığı əlavə edilmiş çay içilməlidir. Limon və ya məkkəgülü ilə dəmlənmiş çay da susuzluğun qarşısını almaq üçün yaxşı vasitədir.
1 xörək qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suya tökün, üzərinə 2 çubuq darçın, 2 ədəd doğranmış alma, 2 xörək qaşığı bal və ya şəkər tozu əlavə edib zəif odun üzərində 5 dəqiqə qaynadın, sonra soyuducuya qoyun, səhər imsak zamanı için. Bu içki həm dadlıdır, həm də susuzluğun qarşısını almaq üçün əla vasitədir.
İftarda qidalanma
İftar 2 hissəyə bölünməlidir. Birdən-birə mədəni çox yükləmək olmaz, çünki aclıq zamanı maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu da köp, sancı və qəbizliyə səbəb ola bilir. Yeməyə su ilə başlayın, sonra sulu yeməklərə üstünlük verin, çalışın süfrənizdə mövsümi tərəvəzlər bol olsun, qatıq, ayran, salat, göyərti olsun. Mədəsində qıcqırma olanlar qatığı kefirlə əvəzləsin. Sulu yeməkdən sonra biraz istirahət edin.
Bundan sonra enerjili yeməklər yeyə bilərsiniz, yenə də ağ çörək istifadə etməyin. Lifli yeməklər, meyvələr və quru meyvələr yeyin. Yeməkdən sonra köpün, qəbizliyin və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içə bilərsiniz.
Ramazanda hər gün yaxşı qidalanmaq vacibdir, çünki sabah yenə oruc tutulmalıdır. Allah tutulan orucları qəbul etsin!
Mənbə: www.fizulihuseynov.com