Daha gözəl olmaq üçün istifadə etdiyiniz dırnaq boyaları bir neçə gün sonra uclarından soyulub baxımsız görünməyinizə səbəb olur? Narahat olmayın, artıq bu problemin öhdəsindən gəlməyin yolları var.
Şəffaf dırnaq boyası ilə işə başlayın.
Dırnaq boyasının daha qalıcı olması üçün ən vacib sirlərdən biri ən alt qata şəffaf dırnaq boyası çəkməkdir. Rəngli dırnaq boyanızı çəkməzdən qabaq sağlam bir zəmin hazırlamaq üçün dırnaqlarınıza mütləq bir qat şəffaf dırnaq boyası çəkin. Bu, dırnaq boyanızın daha qalıcı olmasına kömək edəcək. Həmçinin tünd rəng dırnaq boyanızı sildikdə dırnağınıza tünd dırnaq boyası bulaşmayacaq.
Dırnaq boyasını yaxşıca çalxalayın
Bəsit, amma təsirli bir üsuldur. Dırnaq boyanızı istifadə etməzdən qabaq mütləq çalxalayın. Bu, dırnaq boyanızın qurumasının qarşısını alacaq. Bunun köməkliyi ilə dırnaqlarınızda hamar bir görünüş əldə edə bilərsiniz.
İlk qatın qurumasını gözləyin
Dırnaq boyası çəkmək üçün az vaxtınız olsa da, birinci qatın mütləq qurumasını gözləyin. Bunu sürətləndirmək üçün dırnaq boyası quruducu məhluldan istifadə edə bilərsiniz. Dırnaq boyasının ikinci qatına keçməzdən qabaq ilk qatın quruması vacibdir.
Dırnağınızın ortasına çəkin
Dırnaq boyanızı çəkməyə dırnağın ortasından başlayın. Bir dırnağı 3 hərəkətlə bitirməyə çalışın. Dırnaq boyanızı uclarında bir az çox olacaq şəkildə çəkin. Çünki dırnaq boyaları ilk əvvəl uc tərəfdən soyulmağa başlayır.
Şəffaf dırnaq boyası ilə qoruyun
Dırnaq boyasının üstünə incə qat şəffaf dırnaq boyası vursanız, daha qalıcı olacaq. İki gündən bir dırnaq boyanızın üstünə şəffaf qat çəkin. Bu, dırnaq boyanızın dözümlülüyünü artıracaq.