“Ətli kartof dolması

Ətli kartof dolması

Hamının hazırladığı klassik dolmalardan deyil, daha fərqli bir dolma bişirmək istəyirsinizsə, bu yazımızı oxumağınızı məsləhət görürük. Asan hazırlanması, fərqli görünüşü və ləziz dadı ilə yeyən hər kəsin bəyənəcəyi və bundan sonra süfrənizdən əksik etməyəcəyiniz bir yemək olacaq “Ətli kartof dolması”nın hazırlanmasını sizə təqdim edirik.

Lazım olan ərzaqlar:

  • 6 ədəd orta böyüklükdə kartof
  • 300 gram quzu əti
  • 2 ədəd soğan
  • 2 diş sarımsaq
  • 3 ədəd bibər
  • 2 yemək qaşığı tomat
  • 2 ədəd pomidor
  • Duru yağ
  • Duz
  • İstiot
  • 2 stəkan su

Hazırlanması:

Əvvəlcə kartofları soyub yuyuruq. Sonra eninə ortadan ikiyə bölüb bıçaqla içlərini oyuruq. Lakin bir az ətli qalması üçün çox dərin oymamaq lazımdır.
Sonra bir tavaya yağ töküb ikiyə böldüyümüz kartofların hər tərəfini azca qızardırıq. Əgər istəsəniz kartofları qızartmadan içini dolduraraq sobanın qabına düzüb də bişirə bilərsiniz.

Başqa bir tavaya azca duru yağ əlavə edib xırda doğranmış soğan və sarımsağı qovururuq. Soğanın rəngi bir az qırmızılaşdıqdan sonra ətimizi əlavə edib yenə qovurmağa davam edirik. Əti də istəsəniz balaca kvadrat şəklində doğraya və ya ət maşınında çəkərək istifadə edə bilərsiniz. Ət bişdikdən sonra isə kvadrat formada doğradığımız bibər və pomidorları əlavə edirik. Duz və istiotunu da tökdükdən sonra içliyimiz hazır olacaqdır. Ortalarını oyduğumuz kartofları bu içliklə doldururuq. 

İçlərini doldurduğumuz kartofları sobanın qabına düzürük. Üstünə yenə də öz zövqünüzə görə ya halqa şəklində doğradığınız pomidor dilimi ya da kartofun özündən çıxartdığınız qapaqları qoya bilərsiniz.
Sonda isə tomatı 2 stəkan suda həll edib kartofların üzərinə tökürük və əvvəlcədən qızdırılmış sobada 180-200 dərəcədə 30 dəqiqə bişiririk.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!