Həcmli xəmir sayəsində evinizdə ləzzətli xəmir yeməkləri hazırlaya bilərsiniz.
• yarım litr su
• 1 ədəd iri kartof
• 3 ç/q quru maya
• 3 x/q şəkər tozu
• 1 ç/q duz
• təxmini 7 stəkana yaxın un
• 1 stəkan günəbaxan yağı
Kartofu soyub, xırda doğrayın. Yarım litr suda tam bişənədək qaynadın. Suyunu süzmədən blender və ya püreəzənlə püre halına gətirin. Sonda blinçik xəmiri qatılığında kütlə alınmalıdır. İndi isə xəmiri hazırlamağa başlayın. İlıq kartoflu kütləni bir qaba tökün, üzərinə maya, duz, şəkər tozu və bitki yağının böyük hissəsini (birazını sonda tökmək üçün saxlayın) əlavə edib, qarışdırın. Bir neçə stəkan un da töküb, 30 dəqiqə otaq temperaturunda saxlayın. Vaxt tamam olanda yavaş-yavaş yerdə qalan un və yağı da əlavə edin. Xəmiri öncə qaşıqla, sonra qatılaşdıqca əlinizlə yoğurun. Qabın kənarlarını yağlayıb, xəmiri qoyun. Üzərini örtüb, xəmirin tam acımağını gözləyin. \n \n Sonra tavada istədiyiniz içlikli pirojki hətta sobada dadlı bulkalar hazırlaya bilərsiniz. Nuş olsun!