Ərzaqlar:
- 8 ədəd lazanya yarpağı
- 200 qr sürtgəcdən keçirilmiş holland pendiri
- 150 qr qiymə
- 2 ədəd soğan
- 2 ədəd yerkökü
- 4 yemək qaşığı tomat pastası
- yarım stəkan su
- yağ
- 2 diş sarmısaq
- duz, istiot
- 70 qr kərə yağı
- 4 yemək qaşığı un
- 2 stəkan süd
- duz, istiot
Hazırlanması:
1. Boloqneze sousunun hazırlanması:
Bunun üçün əvvəlcə soğanları doğrayıb, yağda qızardın. Üzərinə qiyməni əlavə edib, rəngi solanadək fasiləsiz qarışdırın. Daha sonra kiçik-kiçik doğranmış sarmısaq, kök və tomat ilə suyu əlavə edib, qapağı örtün. Bir müddətdən sonra qapağı açıb, duz və istiot əlavə edin. Suyu quruduğu zaman ocağı söndürün.
2. Beşamel sousun hazırlanması:
Yağı qazanda əritdikdən sonra üzərinə un əlavə edib, qarışdırın. Südü əlavə edən zaman dayanmadan qarışdırmalısınız ki, un topları tam həll olsun. Sous qatılaşdıqda duz və istiot əlavə edib, ocaqdan götürün.
3. Yeməyin hazırlanması:
Soba qabına əvvəlcə lazanya yarpaqlarını, sonra beşamel sousu, onun üzərinə isə boloqneze sousunu yayın. Bu prossesi 3 dəfə təkrarladıqdan sonra, sonda lazanya yarpaqları, beşamel və sürtgəcdən keçirilmiş pendiri əlavə edib, 20 dəqiqə sobada bişirin. Pendirin rəngi tündləşdikdə sobadan götürüb, isti-isti süfrəyə verə bilərsiniz.
Nuş olsun!