Evin hər tərəfində, xüsusilə də mətbəxdə qarışqaların olması demək olar ki, hər bir xanımı narahat edən problemlərdəndir. Mətbəxdə və ya digər otaqlarda olan qarışqalar həm bizə evimizin natəmiz olduğunu düşündürür, həm də bəzi qidaları istifadə edilməz hala salırlar. Qarışqaların çox ağıllı həşəratlar olması onlarla mübarizəni daha da çətinləşdirir.
Beləliklə, qarışqaları evdən uzaq tutmağın birinci qaydası onların dəstə yaratmaqlarına imkan verməməkdir. Bu dəstələr adətən ilk olaraq bir neçə qarışqanın kəşfə çıxması ilə yaranır. Evinizdə açıqda olan qidalar vardırsa, bu dəstələrin yaranması daha da asanlaşır. Buna görə də evdə bir-iki dənə qarışqa görən kimi ilk eləməli olduğunuz şey bunların haradan gəlməsini tapmaq və yuvalarını bağlamaqdır.
Evinizdə çoxlu qida artığı olması da qarışqaların toplanmasına şərait yaradır. Bunun üçün də yemək yedikdən sonra stolu təmizləməli, mətbəxi və mətbəx stolunu sabunlu bezlə yaxşıca silməli, eyni zamanda yerləri tez-tez süpürərək xalçalardakı yemək qırıntılarını aradan qaldırmalısınız. Bununla yanaşı, qidaları açıq saxlamamalı və qida artıqlarını təmizləməyi unutmamalısınız.
Əgər bunları əvvəlcədən etməmisinizsə, evinizi qarışqalar basıbsa yenə də onlardan xilas olmaq üçün edə biləcəkləriniz var. İlk olaraq onların yuvalarını silikon və ya yapon yapışdırıcısı ilə bağlayın. Daha sonra isə onların daha çox toplaşdığı yerlərə darçın, istiot, qəhvə və ya uşaq pudrası səpin. Onu da qeyd edək ki, dərmanlamaq çox qısa bir müddətdə effektli olur, dərmanın təsiri getdikdən sonra qarışqalar yenidən gəlməyə başlayırlar.
Ən son çarə olaraq qarğıdalı unundan istifadə edə bilərsiniz. Qarğıdalı ununu qarışqalar qida olaraq yuvalarına daşıyırlar, lakin həzm edə bilmədikləri üçün bir müddət sonra ölməyə başlayırlar. Beləliklə, siz də onlardan xilas olacaqsınız.